Yerləşmə
Nabran istirahət zonası
Ölkədə çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonun ərazisindədir. Qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu şəfalı yerlərdə çoxsaylı turist bazaları, pansionatlar, ən tələbkar turistləri də razı salacaq şəraitə malik olan istirahət evləri tikilmişdir.
Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur – Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. «Gülalan gölü» qoruğu bu Cəmiyyətin nəzdindədir.
Xaçmaz rayonun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət müxəlləfatı əşyaları aşkar edilmişdir. Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası «Allahın neməti» deməkdir) Xaçmaz rayonunda yerləşir. Xudat torpağında çoxlu içməli su ehtiyatları var. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayan məşhur Şollar su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır.
Rayonda 60-dan çox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbələdəndir. Çoxsaylı tarix və mədəniyyət abidələri var. Moruq – oba, Qalağan, Uzun – oba, Tağar – oba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qraqurtlu kəndində XV- XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır. XX əsrin əvvəllərində (1900-1903-cü illər) tikilmiş dəmir yol stansiyası ilə su qülləsi də maraq doğurur. Bu tikililər indi də texniki cəhətdən yaxşı vəziyyətdədir.
Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir.